XANƏGAH-GİRDAH

          Uzun zaman idi ki, pandemiyaya görə səyahət edə bilmirdik. Nəhayət ki, uzun aradan sonra 2021-ci ildə yenidən öz yürüşlərimizə başlaya bildik. Bu il ilk dəfə olaraq 31 yanvarda Xanəgah-Girdah yürüşü etməklə baş tutdu. Bu dəfə yürüşümüz “11 nömrə” Eko Tur-un rəhbəri Elvin Quluyevin bələdçiliyi ilə həyata keçdi. Bu ilin ilk səyahəti olduğuna görə yürüşümüzün adı “Salam, təbiət” adlandırılmışdı. Səhər saatlarında Bakıdan Qubaya doğru nəqliyyat vasitəsi ilə yola düşdük. Hər dəfə bu kimi turlarda yeni insanlarla tanış olub, səyahətimizi daha da maraqlı edirik. Bu dəfə də yeni yoldaşlarla, hər birimiz özümüzü təqdim edərək tanış olduq. Səyahət yoldaşlarım arasında incəsənətlə məşğul olanlar çoxluq təşkil edirdi və bu da mənim üçün daha maraqlı olacaqdı. 

          Bu dəfəki səyahətimizin əsas istiqaməti Qubanın Xanəgah və Girdah kəndləri ilə yanaşı eyni adlı şəlalərinə yürüş etmək idi. Təxminən 3 saatlıq səfərdən sonra ilk məntəqəmiz olan Qubanın Xanəgah kəndinə gəlib çatdıq. Havanın günəşli olmasına baxmayaraq, yer biraz qarlı və palçıqlı idi. Palçıq şaxtadan donmuşdu. Buda bizi sevindirirdi, çünki yer donmuş olduğu zaman yürüşümüz daha rahat keçəcəkdi. Gəldiyimiz kənddə bir evdə qonaq olduq. Orada biraz dincəlib çay içdikdən sonra yürüşümüzə başlamaq üçün yola çıxdıq. Bu müddət ərzində havanın isinməsi ilə palçıq da donunu açmışdı və bunun da bizim yürüşmüzə təsir etmə ehtimalı var idi. 

       Yola başladığımız nəqliyyat vasitəsi ilə Girdah kəndinə doğru yola düşdük. Girdah kəndi Xanəgah kəndi ilə yan-yana yerləşir, ancaq o kəndə getmək üçün dağ-meşədən keçmək lazımdır. Nəhayət ki, Xanəgah-Girdah kəndlərinin inzibati sərhədinə gəlib çatdıq. Hamımız hazırlaşıb dağ-meşə ilə yürüşə başladıq. Yürüşümüzün ilk dəqiqələrində qarşımıza bulaqlar çıxırdı. Biz bir-birimizə kömək edərək bu bulaqları ehtiyatla keçib, yolumuza davam edirdik. Dağ-meşənin günəş düşmədiyi hissələrində qar digər yerlərə baxdıqda daha çox idi. Biz bəzən qarlı və palçıqlı, bəzən isə çay daşlarının çoxluq təşkil etdiyi zəmin ilə yürüş edirdik. Bunlardan ən çətini palçıqlı zəmin ilə hərəkət etmək idi ki, biz də həmin yerlərdə daha ehtiyatla hərəkət edirdik. Bəzən də ayağımız sürüşüb aşırdıq. Meşədə fasilə vermək qərarına gəldik. Beləcə həm dincəldik, həm də qartopu oynayaraq “həvəsimizi öldürüb” yolumuza davam etdik. Meşə ilə davam edərkən qarşımıza iri heyvan ayaq izlərinə rastladıq. Tam bilməsək də ayı pəncələrinin izlərinə bənzətdik.

          Uzun yol qət etdikdən sonra nəhayət Girdah kəndinə yaxınlaşdıq. Bu kənd, meşənin tam ortasında yerləşən, bir neçə kiçik ev və bir məktəb binasından ibarət şirin kənddir. Kəndə çatan kimi buranın kiçik "qırmızı yanaq" balaca sakinləri ilə tanış olduq.  Bu uşaqlarla biraz zaman keçirib, onları hədiyyələr ilə sevindirdik. Sonra kəndin yaxınlığındakı şəlaləyə doğru ayaq izləri belə olmayan qarlı zəmin ilə yürüşə davam etdik. Şəlalə altında bir neçə fotoşəkil çəkdirdikdən sonra bir az dincəlib yenidən kəndə qayıtdıq. Kənddə bir evin bağında samovar çayı içib özümüzlə götürdüyümüz sendviçləri yeyib, Xanəgah kəndinə geri yürüş etdik.

          Xanəgah kəndinə çatanda təxminən 13 km-lik yürüşümüzü sağ-salamat başa vurduq. İsinmək və istirahət etmək üçün burada yerli kafelərin birinə getdik. Üstümüzün toz-palçığını təmizləyib odun sobasının ətrafında oturub isti çay içib, isti söhbətlər edərək günümüzün son enerjisini gülərək xərclədik. Beləliklə ilk qış turumuz başa çatdı.