SIM KƏNDİ- SIM ŞƏLALƏSİ

          Səhər tezdən oyandıqdan sonra az keçmədi Tur rəhbərindən zəng gəldi (bizi yatıb qalmaqdan qoruyan o, əziz insan). Axşamdan hazırladığım qida ehtiyatımı və lazımı əşyalarımı çantama yerləşdirib evdən çıxdım.

          Gözəl bir yaz səhəri idi. Saatın 06:30 olmasına baxmayaraq hava işıqlı və xoş idi. Bu da günün daha pozitiv keçməsinin bir xəbərdarı idi. Səyahətimizin əsas istiqaməti Astara rayonun Sım kəndi və eyni adlı şəlaləyə yürüş etmək idi. Yürüşümüz “Nature Discovery Azerbaijan” Eko Tur-un rəhbərlərindən olan Zəhra Mütəllibovanın bələdçiliyi ilə həyata keçəcəkdi. İxtisasca həkim olan gənc və enerji dolu Zəhra həvəskar məşğul olaraq bu işi peşəkar hala gətirmişdi. 

          06:45-də Eko Tur-un bəlli etdiyi toplantı məntəqəsinə gəlib çatdım. Bu dəfə isə Turun istiqaməti haqqında elə qızğın söhbətlər gedirdi ki, hətta bir-birimizlə tanış olmaq yaddan çıxmışdı. Az keçmədi yola düşdük. Yola düşdükdə artıq bir-birimizlə tanış olmağa başladıq. Zəhraya fotosessiya ilə bağlı sual veriləndə o, mənim də fotoqrafiya ilə məşğul olduğumu dedikdə müəyyən qədər sevinənlər oldu və beləcə mənim üçün bir qədər hərəkətli gün olacağının artıq bir işarəsi idi. Yol boyu bezənə qədər maraqlı oyunlar oynadıq. Biraz mürgüləyib, oyandıqda  Masallı rayonun inzibati ərasizində idik. Ətrafa baxdıqda dağlar, dərələr, ağaclarla zəngin meşələr hər yer yamyaşıl görünürdü.

          İlk dayanma məntəqəmiz Astara rayonun “Lovayın” su anbarı oldu. Suni su anbarı olduğuna baxmayaraq qismən dağ-təpə ilə əhatələnmiş və arxada görünən yüksək dağların görüntüsü sayəsində çox hüzur verici idi. Burada tilovla balıq ovu ilə məşğul olan yerli balıqçıları izlədikdən və az da olsa mənzərənin dadını çıxardıqdan sonra yolumuza davam etdik.

          Bir qədər sonra artıq magistral yoldan ayrılaraq aşırımlı yollar ilə hərəkət etməyə başladıq. Hirkan Milli Parkı-nın ətrafı boyunca füsünkar təbiət artıq bizi özünə cəlb etmişdi. Bu gözəlliyi sadəcə izləmək kifayət etmirdi. Çətin relyefli yaşayış məntəqələrindən keçərək nəhayət Sım kəndinə gəlib çatdıq. Sım sözü talış dilində «sıldırım», «hündür» mənasını verir. Sım kəndi də “qayalıqda yerləşən kənd” mənasındadır. Ətrafa nəzər etdikdə isə Sım kəndinin yerli əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və arıçılıq olduğunu müşayiət edirdik.

          Nəqliyyat vasitəsindən çantalarımızı götürərək hazırlaşıb yürüşə başladıq. Hava yürüş üçün çox ideal idi. Bu yürüş çox da çətin olmayan bir yürüş olduğu üçün vaxtımızı daha maraqlı dəyərləndirərək, asta-asta, təbiəti seyr edərək və fotoşəkil çəkdirərək hərəkət edirdik. Deyib gülə-gülə məsafəni qət edikdən sonra artıq Sım şəlaləsinə gəlib çatdıq. Özümüzlə gətirdiyimiz qidaları tükədib sonra şəlalənin altında olan qayalığa çıxaraq onun gurultulu səsini dinləyib beynimizi dincəltdik. Və maraqlı fotoşəkillər çəkdik.

          Şəlalə ətrafında bir müddət vaxt keçirdikdən sonra geri-dönüş etdik. Yolüstü bir kənd evində fasilə verdik. Burada kəklikotu tərkibli çaydan içib, söhbətləşdik. Çayın dadı fərqli və dadlı idi. Yoldaşlarımız çaya qatılan kəklikotunun xüsusi dad verdiyini və bunun satılıb-satılmadığını öyrəndikdən sonra bir neçə nəfər almaq niyyətinə gəldilər və aldılar da. Biraz da yamyaşıl olan zəmində ayaqqabsız gəzib və oturub söhbətləşərək bu kənddə son dəqiqələrimizi daha yadda qalan etdik.

Artıq yola düşmə zamanıdır. Hamı hazırlaşıb nəqliyyat vasitəmizin dayanma məntəqəsinə doğru yürüşə davam etdik. Adətən son saatlar yadda qalan və məkanı daha da çox sevdiyin anlar olur. Söhbətləşə-söhbətləşə gələrək yürüşün sonuna çatdıq. 9.3 km-lik yürüşümüzü sağ-salamat başa vuraraq Bakıya doğru yola düşdük.